Suche starten De menü de ClientConnect
Suche starten
Ergebnisse
Top-5-Suchergebnisse Alle Ergebnisse anzeigen Erweiterte Suche
Häufigste Suchbegriffe
Meistbesuchte Seiten

    Azərbaycan: AİB və “Azərbaycan Dəmir Yolları” QSC, Avropa İttifaqının maliyyə dəstəyi ilə dəmir yollarında təhlükəsizliyin artırılması məqsədilə ilk birgə layihəni tamamlayıb.

    26 July 2024
    EIB
    • Azərbaycanda dəmir yollarında təhlükəsizliyin artırılması, səyahət müddəti, xərclər və istixana qazı emissiyalarının azaldılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC AİB-in məsləhət xidmətindən yararlanıb.
    • Bu, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları Proqramı” (EPIC) çərçivəsində həyata keçirilən ilk birgə layihədir.
    • Layihədə əsas diqqət Bakı-Böyük Kəsik marşrutu boyunca yerləşən dəmiryolu keçidlərində təhlükəsizliyin təmin edilməsi məsələsinə yönəliaab.

    Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda dəmir yollarının təhlükəsizliyinin və etibarlılığının artırılmasına yönəlmiş 10 aylıq layihəni başa çatdırıb. “Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları Proqramı” (EPIC) çərçivəsində həyata keçirilən layihədə AİB tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məsləhət xidməti göstərilib. Buraya səyahət müddətinin, xərclərin və istixana qazı emissiyalarının azaldılması nəticəsində dəmiryolu nəqliyyatının təhlükəsizliyinin artırılması üzrə tövsiyələr daxildir.

    Layihə çərçivəsində ADY-yə strateji əhəmiyyətə malik olan Bakı-Böyük Kəsik marşrutu üzrə mövcud dəmiryolu keçidlərində təhlükəsizliyin artırılması məqsədilə məsləhət xidməti göstərilib. Sözügedən 503 kilometrlik marşrut paytaxt və Bakı limanını qonşu ölkə Gürcüstanın dəmiryolu şəbəkəsi ilə birləşdirir və Qara dənizə qədər davam edir. Bu marşrut Azərbaycanda əsas TEN-T şəbəkəsinin bir hissəsidir və “Orta Dəhliz” boyunca yük daşımaları üçün mühüm əhəmiyyət kəsb edir.

    Avropa İnvestisiya Bankının bu regiondakı fəaliyyətinə məsul olan bankın vitse-prezidenti Tereza Çervinska bildirib: EPIC çərçivəsində Avropa İttifaqı daxilində nəqliyyat sektorunda qabaqcıl təcrübələrin Şərq Tərəfdaşlığı regionuna ötürülməsinə yönəlmiş ilk layihənin uğurla başa çatdığını elan etməkdən məmnunuq”. Xanım Çervinska məsləhət qrupunun rəhbərliyi ilə həyata keçirilən və Azərbaycana, həmçinin regiona fayda verəcək bu mühüm layihənin dəmir yolunda təhlükəsizliyin artırılmasına və ətraf mühitə təsirin minimuma endirilməsinə töhfə verəcəyi ilə bağlı əminliyini bildirib.

    Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bildirib: “Azərbaycanın strateji-coğrafi mövqeyi, infrastrukturun inkişafına yönəlmiş səylər və artan ticari-iqtisadi əməkdaşlıq potensialı ölkəni genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) kontekstində strateji tərəfdaşa çevirir və bu ölkə təkmilləşdirilmiş bağlantı, daha yaxşı iqtisadi inkişaf və regional inteqrasiya üçün öz töhfəsini verir. Avropa İttifaqı nəqliyyat və infrastruktur üzrə mühüm layihələrdə Azərbaycan və AİB ilə sıx əməkdaşlıq edir. Biz infrastrukturun inkişafı, yaşıllaşdırma, rəqəmsallaşma, eləcə də nəqliyyatın idarə edilməsinin gücləndirilməsi üçün kredit və texniki yardım təkliflərini  davam etdirəcəyik”.

    “Dəmir yollarında təhlükəsizliyin artırılması və istixana qazlarının emissiyasının minimuma endirilməsi sahəsində beynəlxalq əməkdaşlıq ADY üçün prioritetdir və biz bu sahədə tərəfdaşlarımızla əməkdaşlığı genişləndirəcək, dəmir yolu əməliyyatları və infrastrukturunda ən qabaqcıl standartları tətbiq edəcəyik”, - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Arif Ağayev bildirib.

    EPIC Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) ilə bağlı Şərq Tərəfdaşlığı ölkələrində investisiya layihələrinə dəstək verir. Əsas diqqət nümunəvi TEN-T investisiya fəaliyyət planında və Avropa İttifaqının Şərq Tərəfdaşlığı regionu üçün İqtisadi və İnvestisiya Planında qeyd olunan prioritet layihələrə yönəlib. EPIC bu layihələrin Avropa İttifaqı və beynəlxalq maliyyə institutlarının tələblərinə uyğunluğunu təmin etmək, ətraf mühitə dəyən zərəri minimuma endirməklə yanaşı, təşəbbüslərin investisiya üçün hazır olmasını təmin etməkdə yardım göstərir. Proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və AİB-in Avropa Regionlarında Layihələri Dəstəkləmək üçün Birgə Yardım üzrə məsləhət proqramı (JASPERS) tərəfindən idarə olunur.  

    AİB və ADY-nin əməkdaşları layihə çərçivəsində potensial təhlükə törədən dəmiryolu keçidlərini müəyyən etmək üçün birgə çalışıblar. EPIC-in dəstəyi ilə ADY  həmçinin, marşrut üzrə nəzarətsiz mal-qara və piyada keçidlərinin olduğu yerləri müəyyən edib. AİB-in məsləhət xidməti əsasında sözügedən dəmiryolu keçidləri və layihənin növbəti inkişaf mərhələləri üzrə  qərarların qəbulu prosesində mühüm rol oynayacaq “Layihə üzrə Hesabat” sənədi hazırlanıb. Bundan əlavə, müvəffəqiyyətlə başa çatdırılan layihənin əhəmiyyəti Azərbaycan və Avrasiya regionu üçün prioritet olan Orta Dəhlizlə əlaqədar olduğu üçün daha böyükdür.  Çini Mərkəzi Asiya, Azərbaycan və Türkiyə vasitəsilə Avropa İttifaqı ilə birləşdirən bu dəhlizə daxil olan dəmiryolu sektorunda həyata keçirilən layihələr orta və uzunmüddətli perspektivdə son dərəcə mühim əhəmiyyət kəsb edir.

    Əlavə məlumatlar

    Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları Proqramı (EPIC)  haqqında

    Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və AİB-in JASPERS məsləhət proqramı tərəfindən idarə olunan EPIC proqramı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Şərq Tərəfdaşlığı ölkələrinə ödənişsiz məsləhət dəstəyi və texniki yardım təmin edir. Bu proqram Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

    EPIC çərçivəsində icra olunan layihələr avtomobil, dəmir yolu, hava, su və intermodal nəqliyyat sektorlarını əhatə edir. Layihələrdə əsas məqsəd aşağıdakı kimidir:

    • Səyahət müddəti və xərclərin azaldılması,
    • Problemlərin aradan qaldırılması,
    • Yol təhlükəsizliyinin artırılması,
    • Nəqliyyat infrastrukturunun iqlim dəyişikliyinə uyğunlaşdırılması,
    • Sosial-iqtisadi və ətraf mühit üçün faydaların təmin edilməsi.

    Hal-hazırda, AİB EPIC çərçivəsində Azərbaycan, Ermənistan, Moldova və Ukraynada 10 layihəyə məsləhət və ya texniki yardım göstərir.

    AİB haqqında

    Avropa İttifaqının uzunmüddətli maliyyə institutu olan AİB Avropa İttifaqınin siyasət məqsədlərinə nail olunması məqsədilə etibarlı investisiyaların ayrılması üçün uzunmüddətli maliyyələşdirmə təmin edir, eləcə də infrastruktur, innovasiya, iqlim və ətraf mühit və KOB-lar kimi dörd prioritet sahədə layihələri dəstəkləyir.

    AİB Qlobal (EIB Global) AİB Qrupun beynəlxalq tərəfdaşlıq və inkişaf üçün ayrılmıış maliyyə yardımının təsirinin artırılmasında ixtisaslaşmış bir bölməsi olmaqla Avropa Yaşıl Təşəbbüsü (European Green Deal), “Global Gateway” və iş yerlərinin yaradılması, dayanıqlı və inklüziv inikişaf kimi Avropa İttifaqının üç əsas prioritetinə töhfə verir. AİB Qlobal Avropa Komandası (Team Europe) çərçivəsində digər çoxtərəfli istiqamətdə fəaliyyət göstərən banklarla sıx əməkdaşlıq edərək maliyyə institutları və vətəndaş cəmiyyəti ilə birlikdə güclü tərəfdaşlıqları təşviq edir. AİB Qlobal Azərbaycanın daxil olduğu Cənubi Qafqaz regionu üzrə AİB Regional Nümayəndəliyi daxil olmaqla, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ofisləri vasitəsilə AİB Qrupun fəaliyyətlərini yerli insanlara, şirkətlərə və qurumlara daha da yaxınlaşdırır.

    Kontakt

    Begum Iman

    Referenz

    2024-303-AZ