- AİB-in Qlobal Mexanizmi Azərbaycanın hökumət xidmətləri üçün rəqəmsal infrastrukturun inkişaf etdirilməsinə 43 milyon avro məbləğində kredit ayırıb.
- Dövlətə məxsus “AzInTelecom” MMC şirkətinə verilən kredit iki yeni data mərkəzini özündə birləşdirən layihə üçün nəzərdə tutulur.
- İnvestisiya ölkənin dövlət idarəçiliyinin səmərəliliyini və şəffaflığını artırmaq məqsədi daşıyır.
Avropa İnvestisiya Bankının qlobal mexanizmi (AİB Qlobal) hökumət xidmətləri üçün rəqəmsal infrastrukturun inkişaf etdirilməsi məqsədilə 43 milyon avro məbləğində kredit razılaşması imzalayıb. Kredit dövlətə məxsus “AzInTelecom” MMC-yə ayrılıb. Şirkət bu maliyyələşməni müasir iki yeni data mərkəzinin yaradılması üçün istifadə edəcək.
Bu, AİB-in Qlobal Mexanizminin Azərbaycanın dövlət sektoruna verdiyi ilk kreditdir. Layihə dövlət məlumatlarının və xidmətlərinin daha təhlükəsiz, sürətli və əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Planlaşdırılan data mərkəzi bulud xidmətləri təqdim edəcək. 2027-ci ildə başa çatması nəzərdə tutulan layihə eyni zamanda innovasiyalar və ixtisaslılıq tələb edən iş yerləri vasitəsilə iqtisadi imkanlar yaradacaq.
AİB-in Azərbaycandakı fəaliyyətinə nəzarət edən vitse-prezident Tereza Çervinska aşağıdakıları qeyd edib: “Azərbaycanın dövlət sektoru ilə ilk kreditimizi rəsmiləşdirməkdən məmnunuq. Məlumatlara çıxışın yaxşılaşdırılması və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetlərindən biridir. İnnovasiya və şəffaflığa yönəlmiş bu konkret investisiya yalnız dövlət idarəçiliyini müasirləşdirməklə kifayətlənməyəcək, həm də dayanıqlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcək”.
Bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planı, habelə “Global Gateway” strategiyası ilə uzlaşır və Avropa İttifaqının regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiyanın təşviqinə sadiqliyini vurğulayır.
“AzInTelecom” MMC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Elxan Əzizov bildirib ki, bu layihə ölkədə gedən rəqəmsal transformasiyaya mühüm təkan verəcək: “Bu layihənin reallaşması ilə istər kiçik, istər böyük qurumlar üçün bulud xidmətləri daha əlçatan olacaq. Təbii ki, bu da öz növbəsində Azərbaycanda rəqəmsal ekosistemin inkişafına birbaşa müsbət təsirini göstərəcək. Onu da qeyd edim ki, Abşeron və Hacıqabul rayonlarında tikilməsi nəzərdə tutulan hər iki Data Mərkəzin inşası yaşıl texnologiyalar əsasında aparılacaq”.
Arayış
AİB və AİB-in Qlobal Mexanizmi haqqında
Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının (Aİ) üzv dövlətlərinə məxsus olan, uzunmüddətli kreditlər verən qurumdur. O, Aİ-nin siyasət məqsədlərinə töhfə verən investisiyaları maliyyələşdirir.
AİB-in Qlobal Mexanizmi AİB Qrupunun ixtisaslaşmış qolu olub, beynəlxalq tərəfdaşlıqlar və inkişaf maliyyəsinin təsirini artırmağa xidmət edir və “Global Gateway” proqramının əsas tərəfdaşlarından biridir. Biz 2027-ci ilin sonuna qədər bu Aİ təşəbbüsünün ümumi hədəfinin təxminən üçdə birini təşkil edən— 100 milyard avroluq investisiyanı dəstəkləməyi hədəfləyirik. AİB-in Qlobal Mexanizmi, “Team Europe” təşəbbüsü çərçivəsində digər inkişaf maliyyələşdirilməsi qurumları və vətəndaş cəmiyyəti ilə birlikdə güclü, məqsədyönlü tərəfdaşlıqları təşviq edir. AİB-in Qlobal Mexanizmi dünyanın müxtəlif bölgələrindəki ofislərimiz vasitəsilə AİB Qrupunu insanlara, şirkətlərə və təşkilatlara daha da yaxınlaşdırır.
“AzInTelecom” MMC haqqında
“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə Data Mərkəzləri ilə bağlı beynəlxalq nüfuzlu “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda Bakı və Yevlax şəhərlərində yerləşən Data Mərkəzləri üzərindən dövlət və özəl sektorda 200-dən çox quruma “bulud” xidmətləri göstərir.
Ətraflı məlumat
Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planı
Azerbaijan to digitise public administration with €43 million loan from EIB Global
©EIB
Download original
Azerbaijan to digitise public administration with €43 million loan from EIB Global
©EIB
Download original
Azerbaijan to digitise public administration with €43 million loan from EIB Global
©EIB
Download original